İsrailin İrana siyasi və hərbi nüfuzuna xələl gətirən hücumuna təkcə İsrail–İran münasibətləri kontekstindən və eləcə də nüvə proqramı çərçivəsində qiymət verilməsi qətiyyən düzgün deyil.
Bu fikirləri hafta.az-a siyasi icmalçı Vüqar Dadaşov bildirib.
Onun fikrincə, məsələyə qlobal mıqyasda və geniş aspektdən baxılmalıdır.
V.Dadaşov bu qənaətdədir ki, İsrailin İrana sarsıdıcı zərbəsi ABŞ, Böyük Britaniya ilə razılaşdırılmış Rusiya-İran-Çin siyasi və hərbi birliyinə, tandeminə qarşı planlı hücumdur:
“ABŞ Prezidenti Donald Trampın İsrailin İrana hücumunu “mükəmməl” adlandırması və hücumun daha çox ediləcəyini gözlədiyini söyləməsi proseslərə aydınlıq gətirir. Eləcə də Trampın nüvə proqramı ilə bağlı İrana 60 gün vaxt verdiyini, ali dini lider Xamneyinin imtinasından sonra, yəni İsrailin İrana hücumunun həmin o müddətin 61-ci günündə baş tutması prosesə ABŞ-nin rəhbərliyini açıq göstərir. Bir müddət əvvəl də Tramp Tehranla nüvə proqramı ilə bağlı danışıqlar prosesində İsrailin İranı vurmayacağını söyləmişdi.
İsrailin İrana son hücumu eynilə bir neçə gün əvvəl Ukraynanın Rusiyaya vurduğu ağır zərbənin xaraktercə təkrarıdır. Ukraynanın Rusiyanın dərinliyinə – hərbi-strateji obyektlərinə vurduğu zərbə Rusiyanın siyasi nüfuzuna və Putin iqtidarına çətin sınaq olduğu kimi, İsrailin də İranın ən yüksək hərbi komandanlarını paytaxt Tehranda vurması Xamnei hakimiyyəti üçün ciddi zərbədir. Mübahisəsiz olaraq Ukrayna da, İsrail də təklikdə belə bir əməliyyat hazırlayıb həyata keçirə bilməzdi”.
V.Dadaşov xatırladıb ki, İran Rusiyanın Ukraynaya hücumuna hərbi, siyasi dəstək verir, silahlarla təchiz edirdi. İsrailin İrana hücumu Ukraynanın da əlini xeyli gücləndirəcək. İsrailin İrana qarşı keçirdiyi əməliyyat Rusiyanın Ukraynanın taleyinə birbaşa təsir edən çox vacib strateji liman şəhərinə – Odessaya hücuma hazırlaşdığı bir dövrdə baş verməsi bunun Qərbin Rusiya–İran–Çinə qarşı keçirdiyi əməliyyat olduğuna şübhə qoymur:
“Bir neçə gün əvvəl İranın ali dini lideri Xamneinin müşaviri Əli Əkbər Vilayəti “İran Zəngəzur dəhlizinin açılışına mane olub”, - deyə müsahibəsində bildirmişdi. İsrailin İrana ağır zərbə vurması İranın Rusiyaya verdiyi hərbi-siyasi dəstəyindən imtinasına, həm də İranın Zəngəzur dəhlizinə qarşı mövqeyindən geri çəkilməsinə məcbur edəcək. Təbii ki, nüvə proqramını da dayandıracaq. Məlumat var ki, İran ABŞ ilə danışıqlara, nüvə proqramından imtina etməyə hazır olduğunu bildirib”.
Siyasi icmalçı hesab edir ki, İsrail–İran qarşıdurmasında İranın qalib çıxmaq ehtimalı yoxdur. Onun sözlərinə görə, bunun hərbi-texniki və siyasi-ideoloji əsasları var. Təxmin edildiyi kimi, İsrailin İran üzərində hərbi-texniki və kəşfiyyat üstünlüyü ortadadır. İrana heç bir müsəlman ölkəsinin real dəstək verməməsi və İranın da ABŞ-nin regiondakı müttəfiqlərinə qarşı heç bir hərbi əməliyyat keçirməməsi qarşı tərəfin təkcə İsrailin olmamasının sübutudur. Bu, İsrail–İran qarşıdurmasının hərbi-texniki tərəfləridir və İranın nisbi də olsa, üstünlüyü mümkün deyildir.
Onun sözlərinə görə, Qərb üçün İranın parçalanması arzuolunan variant deyil. Böyük Britaniyanın digər dövlətlərdən tam fərqli olaraq, diplomatik nümayəndə heyətini, vətəndaşlarını İrandan təxliyə etməməsi ilə bağlı rəsmi açıqlaması, İsrail–İran qarşıdurmasının nəzarətdə olmasına dolayı sübutdur. İslam ölkəsi kimi, İranın İsrail üzərində üstünlüyü siyasi-ideoloji baxımdan Qərb üçün qətiyyən yolverilməz variantdır: “Əgər İran İsraillə qarşıdurmadan müəyyən uğurla belə çıxarsa, İranın regionda ambisiyaları arta bilər. Həmçinin, İranın İsraillə münaqişədə müəyyən uğur sonluğu Rusiyanın, Çinin, Şimali Koreyanın və bəzi dövlətlərin siyasi-ideoloji dayaqlarını gücləndirə bilər. Rusiya Prezidenti Putinin də tərəflər arasında vasitəçilik cəhdinin səbəblərindən biri budur”.
Siyasi icmalçı hesab edir ki, İsrail–İran arasında real vasitəçilik imkanlarında Azərbaycanın təsiri əhəmiyyətli ola bilər. İran tərəfinin Azərbaycan Prezidenti İlham Əliyevə belə bir müraciəti barədə məlumatlar da var. Türkiyə Prezidenti Ərdoğan da tərəflər arasında vasitəçilik istəyini bildirib, ancaq İsrailin Türkiyənin vasitəçiliyi qəbul etməsi müəmmalıdır.